Vətən müharibəsi şəhidi mayor Xəyal Məmmədovun şəxsi əşyaları Tarix Muzeyində qorunur
Bakı, 18 noyabr, AZƏRTAC
Vətən müharibəsi şəhidi mayor Xəyal Məmmədova məxsus materiallar AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, mayor Xəyal Məmmədovun 2020-ci il oktyabrın 7-də döyüşdən əvvəl ailəsinə yazdığı son məktubu və şəxsi əşyaları muzeyin Vətən müharibəsi fondunda qorunur. Məktubda qeyd olunur (olduğu kimi): “Mən gedirəm Vətəni qorumağa. Müqəddəs vəzifəmin icrasına. Ailəm və övladlarım Allaha əmanət olsun. Hər kəs haqqını halal etsin. Vətən sağ olsun”.
Azərbaycan Silahlı Qüvvələrinin mayoru Xəyal Məmmədov 1986-cı il noyabrın 18-də Şəki şəhərində anadan olub. 1993-2001-ci illərdə Şəki şəhər 5 nömrəli tam orta məktəbdə, 2001-2004-cü illərdə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə, 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində təhsil alıb. Hərbi xidməti dövründə Türkiyə və Albaniyada hərbi təlimlərdə iştirak edib.
Mayor Xəyal Məmmədov 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, həmçinin yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Xəyal Məmmədov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub, Şəki şəhərində dəfn edilib.
Xəyal Məmmədov 2013-cü ildə "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, 2015-ci ildə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.