CƏMİYYƏT
“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ispan dilində nəşrinin təqdimatı olub
Bakı, 7 sentyabr, AZƏRTAC
Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada Vətən müharibəsində qazanılan şanlı Qələbə və onun tarixinə həsr edilən, Bakı Şəhər İcra Hakimiyyəti və AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ispan dilində nəşrinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə tanınmış tarixçi-alimlər, dövlət qurumları və ictimaiyyət nümayəndələri ilə yanaşı, İspan dilli ölkələrin Azərbaycandakı səfirliklərinin məsul əməkdaşları da iştirak ediblər.
Tədbirdə çıxış edən M.F.Axundzadə adına Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, müzakirəsi edilən kitab artıq 8 dildə nəşr olunub. Qırx dörd günlük Vətən müharibəsinin tarixinə həsr olunmuş kitabın xüsusi əhəmiyyəti hadisələrin elə hadisə iştirakçılarının dilindən nəql olunmasıdır.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elmin İmanov qeyd edib ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə dövlətimizin başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində əldə olunub. Kitabın əsas xüsusiyyəti Azərbaycanın Vətən müharibəsi tarixini tamamilə yeni bir rakursdan, şəxsiyyət amili baxımından nəzərdən keçirilməsindən ibarətdir. Yekdilliklə bir nəticəyə gəlirik ki, bütün bu uğurların, möhtəşəm Qələbənin kökündə şəxsiyyət amili - İlham Əliyev fenomeni dayanır.
Daha sonra çıxış edənlər kitabın əhəmiyyətindən danışaraq bildiriblər ki, bu nəşr nəinki ölkəmizdə, eləcə də ölkə xaricində Qarabağda baş verən hadisələri diqqətlə izləyən oxucu və ekspertlərin böyük marağına səbəb olub. Bütün bunları nəzərə alaraq kitabın gələcəkdə ali məktəb tələbələri, mütəxəssislər və alimlər üçün elmi mənbə kimi istifadə olunacağına inam ifadə edilib.
Kitabda Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azad edilən torpaqların bərpası və inkişafı istiqamətində gördüyü işlər xüsusi yer alıb.
Bildirilib ki, bu kitab artıq Azərbaycan, ingilis, türk, rus, ərəb, fars və Çin dillərində dərc olunub. Bu gün ispan dilində nəşrin təqdimatı keçirilir və hazırda urdu dilinə tərcümə edilməsi ilə bağlı işlər görülür.