Vətən müharibəsində dövlətimizin və ordumuzun yanındayıq
Bakı, 30 sentyabr, AZƏRTAC
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun bütün əməkdaşlarının qəlbi bu gün bütün xalqımızla bərabər qələbə əzmi ilə döyünür. İnstitutumuzun kollektivi bir nəfər kimi xalqımızın qələbə əzminə, vətənpərvər övladlarımızın Vətən uğrunda savaşına mənəvi dəstəyini ifadə edir. Ehtiyatda olan əsgər və zabitlərimiz, Qarabağ qazilərimiz hər an dövlətimizin çağırışına hazırdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Fəlsəfə və Sosiologiya İnstitutunun bəyanatında yer alıb.
Bəyanatda bildirilir: “Ən böyük arzumuz budur ki, Silahlı Qüvvələrimiz bu günlər ərzində qazanılan uğurları davam etdirsinlər. Hamımız elliklə Vətən müharibəsinə qalxaq, torpaqlarımızı bu uzunsürən işğaldan azad edək, mənfur düşməni qovub ölkəmizdən çıxaraq. Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusunun və bütün Azərbaycan xalqının bu azadlıq müharibəsinin zəfərlə başa çatacağına, nəyin bahasına olursa-olsun torpaqlarımızın azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün təmin olunacağına dərindən inanırıq. Tarixi haqqımız olsa da, bizim düşmən torpaqlarında gözümüz yoxdur, beynəlxalq hüququn tanıdığı öz torpaqlarımıza sahib olub dövlətimizin suveren haqqını təmin etməliyik. Əminik ki, çətin sınaqlardan keçmiş, həlledici anlarda həmişə coşqu ilə təzahür etmiş dövlət və xalq birliyimiz sayəsində buna nail olacağıq. Azərbaycan filosoflarının qabaqcıl dəstəsi olaraq bu Vətən müharibəsində möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev başda olmaqla şanlı ordumuza qarşıdakı müqəddəs xilaskarlıq vəzifəsində zəfərlər, xalqımıza qələbə sevinci arzulayırıq!”.