Vətən müharibəsindəki parlaq Qələbə ordumuzun gücünün göstəricisidir
Quba, 21 iyun, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanda güclü və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycanda bütün sahələrlə yanaşı, ordu quruculuğunda da böyük nailiyyətlər qazanılıb, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordumuz regionun ən qüdrətli ordusuna çevrilib. 44 günlük Vətən müharibəsindəki parlaq Qələbə ordumuzun gücünün və qüdrətinin göstəricisidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Qubada “Heydər Əliyev İli” çərçivəsində keçirilən, 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr edilmiş "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu" mövzusunda tədbirdə ətraflı danışılıb.
Quba Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin birgə təşkil etdiyi görüşdə Vətən müharibəsi iştirakçıları və çağırışyaşlı gənclər iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, həmçinin Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Quba Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Arif Nəbiyev, Quba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin əməkdaşı Elşən Məmmədov gənclərin hərbi vətənpərvərliyindən, ordumuzda olan milli ruhdan söz açıblar.
Bildirilib ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan torpaqlarının işğalına son qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Zəfər qazandı. Vətən müharibəsi və onun nəticələri Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən qüdrətli ordusu olduğunu bir daha göstərdi. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, orduda aparılan islahatlar və bu sahədə qazanılan uğurlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən islahatların nəticəsidir.
Qazi Tariyel Ağasıyev qeyd edib ki, Vətən müharibəsi dövründə əsl əzmkarlıq nümayiş etdirən Azərbaycan əsgəri dövlət-xalq-ordu birliyindən aldığı mənəvi dəstəklə daha da ruhlandı, hər bir qarış torpaq uğrunda sonadək mübarizə apardı. O, qazanılan Qələbənin hər bir azərbaycanlı üçün qürurverici olduğunu, bu ali yolda xidmətləri olan Vətən övladlarının daim iftixarla xatırlandığını deyib.
Tədbirin sonunda "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu" mövzusunda sənədli film nümayiş olunub.