ORDU
Vətən müharibəsinin xronikası: 6 noyabr
Bakı, 6 noyabr, AZƏRTAC
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
AZƏRTAC hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.
6 noyabr - müharibənin 41-ci günü
• Ordumuz Ağdam və Ağdərə istiqamətlərində düşmənin hərbi kolonunu, artilleriya batareyasını və silah-sursat anbarını darmadağın edib. Düşmənin komandir heyəti də daxil olmaqla, xeyli sayda canlı qüvvəsi, bir rabitə avtomobili, sursatla dolu iki “KamAZ” maşını və qoşqusunda top olan üç “Ural” maşını, xeyli sayda digər sursat və artilleriya qurğuları məhv edilib. Ermənistan ordusunun bölmələri cəbhənin Qubadlı istiqamətində mövqeləri ataraq qaçıb.
• Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Cəbhənin bəzi yerlərində şəxsi heyətini və hərbi texnikasını itirən düşmən geri çəkilməyə məcbur olub.
• Düşmənin minaatanlarının atış nöqtələrinə və döyüş mövqelərinə zərbələr endirilib.
• Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.
• Ermənistan ordusunun təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 6-dək 92 nəfər həlak olub, 404 nəfər isə xəsarət alıb, 3 min 64 ev, 100 yaşayış binası və 504 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
• FHN-in yanğınsöndürmə qüvvələri işğaldan azad edilmiş ərazidə ilk yanğınsöndürmə əməliyyatı həyata keçirib.