DÜNYA
Vikinqlər diş ağrısından əziyyət çəkiblərmi?
![Vikinqlər diş ağrısından əziyyət çəkiblərmi?](/files/2023/3/1200x630/17036848896404925781_1200x630.jpg)
Stokholm, 27 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC
Vikinqlər dedikdə ilk təsəvvürümüzə gələn güclü, sağlam, enerjili və fədakar insanlar olur. Lakin tədqiqatlar göstərib ki, böyük yaşlı vikinqlərdə kariyes və ya diş infeksiyası olub.
AZƏRTAC xəbər verir ki, İsveçin cənubunda aparılan qazıntılar zamanı bu araşdırılıb: 2005-ci ildə isveçli arxeoloqlar Varnemdə ən qədim daş kilsənin dağıntılarını, eləcə də onun ətrafında minlərlə qəbir tapıblar. Alimlərin tədqiq etdikləri 300-ə yaxın qəbirdə skeletlər əlverişli torpaq şəraiti sayəsində yaxşı vəziyyətdə qalıblar.
Arxeoloji tapıntılar Dövlət Stomatoloji Yardımının stomatoloqu, Höteborq Universiteti nəzdindəki Salqrensk Akademiyasının elmi əməkdaşı Karolina Bertilsson və onun həmkarlarına 171 nəfərin 2300-dən artıq dişini təhlil etmək imkanı verib. Bu insanların təxminən IX və XII əsrlər arasında, yəni vikinqlər dövrünün sonu və orta əsrlərin başlanğıcında yaşadığı müəyyən edilib. “PlОS One” beynəlxalq elmi jurnalında dərc olunan nəticələr göstərir ki, vikinqlərin yarıdan çoxu kariyesdən əziyyət çəkiblər. Onların əksəriyyətinin dişlərində abses və dəliklər aşkarlanıb.
“Kariyesi əmələ gətirən bakteriyalar təkcə ağ şəkərlə deyil, həm də çörəyin, bal arağının, balın və meyvələrin tərkibində olan karbohidratlarla qidalanır. Bunlardan isə o vaxt həddən artıq istifadə olunurdu. Yəni ehtimal ki, məhz bu, dişlərdə problemin yaranmasına səbəb olub”, - deyə Karolina Bertilsson izah edib.
Digər tərəfdən, görünür uşaqlar bizim indiki azyaşlılar kimi çox zərər çəkməyib. “Biz burada başqa mənzərəni müşahidə edirik. Süd dişləri olan uşaqlarda ümumiyyətlə kariyes aşkarlamadıq”, - deyə stomatoloq vurğulayıb.
Tədqiqatlar onu da göstərir ki, vikinqlər diş minasını cilalamaqla da öz-özlərini müalicə ediblər.
“Dişin absesi zamanı toplanan irin damağın səthinə çıxış tapmalıdır. Ehtimal ki, bu səbəbə görə dişi özəyinədək yonublar. Fərdlərdən birində ön dişlər elə yonulub ki, onların üzərində üfüqi xətlər əmələ gəlib, özü də hansısa xəstəliyi müalicə etmək üçün deyil, sırf estetik baxımdan bu addım atılıb”, - deyə Karolina Bertilsson izah edib.