“Vikipediya”nın fars dili bölməsində “Bərdənin bombalanması” mövzusunda məqalə yaradılıb
Bakı, 6 noyabr, AZƏRTAC
“Vikipediya”nın müxtəlif dil bölmələrində Qarabağ həqiqətləri və Ermənistanın terror siyasəti ilə bağlı məqalələrin yaradılması prosesi uğurla davam etdirilir. “Vikipediya”nın fars dili bölməsində “Bərdənin bombalanması” mövzusunda məqalə yaradılıb. Məqsəd farsdilli oxuculara Ermənistanın gerçək üzünü, erməni vandalizmini göstərməkdir.
Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
O bildirib ki, məqalədə oktyabrın 28-də işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərinə raket hücumu, dinc əhalinin həlak olması və yaralanması, mülki obyektlərin hədəfə alınması barədə məlumatlar yer alıb. Məqaləni fars dilinə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Beynəlxalq əlaqələr idarəsinin aparıcı mütəxəssisi Əli Şükrü çevirib. Məqalə fars bölməsində alim-tədqiqatçı Ələddin Məlikov tərəfindən yerləşdirilib.
“İşğalçı Ermənistanın terror siyasətinə qarşı informasiya müharibəsində fəal olmalıyıq. Qarabağın tarixi, erməni vandalizmi, ermənilərin son təxribatları ilə bağlı məlumatların “Vikipediya”da müxtəlif dillərdə yaradılması, yerləşdirilməsi və dünya ictimaiyyətinin diqqətinə çatdırılması olduqca vacibdir”,- deyə E.Eltürk qeyd edib.