Vilayət Zahirov: Bələdiyyələr Vətən müharibəsi və sonrakı dövrdə səmərəli fəaliyyətləri ilə seçilirlər
Bakı, 12 aprel, AZƏRTAC
Torpaqlarımızın Ermənistan tərəfindən işğalı dövründə həmin ərazilərdə yerli özünüidarəetmənin təşkilinin mümkünsüz və bir milyondan artıq soydaşımız özünüidarəetmə hüququndan məhrum olub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbəmizlə işğala son qoyularaq tarixi ədalət bərpa edilib. Azad edilmiş ərazilərimizdə dövlət başçısının rəhbərliyi və respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəal iştirakı ilə sürətli bərpa-quruculuq işləri aparılır.
AZƏRTAC xəbər verir ki, bunu aprelin 12-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir” mövzusunda keçirilən konfransda ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib.
Qeyd edib ki, yerli əhalinin rifahı naminə həyata keçirilən tədbirlərdə fəal iştirak edən bələdiyyələr də Vətən müharibəsi və sonrakı dövrdə səmərəli fəaliyyətləri ilə seçilirlər. Ötən müddətdə bələdiyyələr tərəfindən Vətən müharibəsi veteranlarının və şəhid ailələrinin yerli özünüidarəetmə fəaliyyəti ilə bağlı çoxsaylı müraciətləri həll edilib, həmçinin şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə 900-dən çox abidə və abidə kompleksi, xatirə lövhəsi və bulağı istifadəyə verilib, onların yaşadıqları evlər və küçələr abadlaşdırılıb.