Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqasında birinci dövrəyə yekun vurulub
Bakı, 26 yanvar, AZƏRTAC
Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqasında birinci dövrəyə yekun vurulub. İkinci turdan təxirə salınmış ilk qarşılaşmada “Azərreyl” və “Abşeron” komandaları Azərbaycan Voleybol Federasiyasının idman zalında üz-üzə gəliblər.
AZƏRTAC xəbər verir ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun - azarkeşsiz keçirilən görüşü, həmçinin UNEC - “Murov” oyununu Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov və müavini Mariana Vasileva canlı izləyiblər.
Liderlərin duelində “Abşeron” qələbə qazanıb. İlk seti 25:19 hesabı ilə hesabına yazan komanda ikinci hissədə 25:22 hesabı ilə qalib gəlib. “Azərreyl” üçüncü hissədə də məğlubiyyətə üzülüb - 17:25. “Quru hesablı” qələbə “Abşeron”u dövrə qalibi etməklə yanaşı, vahid liderə çevirib.
Ardınca meydana UNEC və “Murov” klubları çıxıblar. Autsayderlərin dueli kifayət qədər maraqlı alınıb. Setəset prinsipi ilə davam edən oyunun tay-brekində UNEC üstün olub. Onlar 3:2 (28:26, 9:25, 25:15, 16:25, 15:10) hesabı ilə qalib gəlməklə 3-cü yerdəki mövqelərini möhkəmlədiblər.
Beləliklə, 3 turdan sonra xal itirməyən və set belə uduzmayan “Abşeron” 9 xala malikdir. Onlardan 3 xal geri qalan “Azərreyl” ikinci olduğu halda, UNEC 2 xalla ilk üçlüyü qapayır. Sonuncu olan “Murov” 1 xala malikdir.