Volodimir Zelenski ikinci müddətə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb
Kiyev, 31 avqust, AZƏRTAC
Ukraynada seçkilər keçirilərsə və müharibə davam edərsə, Prezident Volodimir Zelenski 2024-cü ildə ikinci müddət üçün namizəd olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski RTP telekanalına müsahibəsində deyib.
Volodimir Zelenskinin sözlərinə görə, müharibə dövründə Ukraynanın seçki keçirmək üçün qanuni hüququ yoxdur. Bununla belə, prezident əlavə edib ki, o, qanunvericiliyə dəyişikliklər etməyə hazırdır.
Dövlət başçısı seçkilərdə qalib gəlməklə bağlı narahatlığa dair suala “Mən heç nədən qorxmuram” cavabını verib.
Prezident hesab edir ki, hərbçilərin və hazırda xaricdə olan ukraynalıların səsvermə hüququndan istifadə edə bilmələri üçün seçkilər bütünlüklə Ukrayna ərazisində keçirilməlidir. “Biz onları səslərindən məhrum edə bilmərik. Mən istəyirəm ki, hər şey əvvəlki seçkilərdə olduğu kimi qanuni və şəffaf olsun”, - deyə V.Zelenski vurğulayıb.
Ukrayna Prezidenti, həmçinin bildirib ki, 2024-cü ildə müharibə davam edər və seçkilər keçirilsə, o, heç vaxt ölkəni tərk etməyəcək.
Qeyd edək ki, oktyabrın 29-da Ukraynada parlament seçkiləri keçirilməlidir. Lakin hərbi vəziyyət dövründə bu, qanunla qadağandır. Həmçinin 2024-cü ildə Ukraynada prezident seçkiləri keçirilməlidir. Prezident seçkilərinin martın sonunda keçirilməsi planlaşdırılır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev