VTB (Azərbaycan) bankının müştəriləri üçün xoş xəbər
Bakı, 10 aprel, Əziz Məmmədov, Samirə Quliyeva, AZƏRTAC
Manatin məzənnəsinin 35 faiz azalması gözlənilən hadisə idi. Son bir ildə bütün qonşu ölkələrdə milli valyutalar bu və ya digər dərəcədə devalvasivaya məruz qaldığı şəraitdə manatın məzənnəsini uzun müddət süni şəkildə yüksək səviyyədə saxlamaq, əlbəttə, mümkün deyildi.
VTB (Azərbaycan) bankının idarə heyətinin sədri Yuri Yakovlev bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib. Onun fikrincə, neftin qiymətinin düşməsi manatın devalvasiyasında həlledici rol oynayıb. Lakin bank rəhbərinin fikrincə, indiki vəziyyətdə təşvişə düşmək üçün heç bir əsas yoxdur. O əmindir ki, yaxın bir neçə ay ərzində iqtisadiyyat valyutaların yeni məzənnələrinə uyğunlaşacaq. Hazırda bank dollar şəklində kreditləri olan müştərilərlə fəal iş aparır, çünki həmin müştərilərin borc yükü də müvafiq surətdə 35 faiz artıb.
Y.Yakovlev sonda deyib: “Müştərilərimizə izah edirik ki, bizdən götürdükləri kredit hesabına dollarla avtomobil, məişət texnikası almış, xarici ölkələrə səfər etmiş və ya həmin vəsaitlərdən başqa məqsədlər üçün istifadə etmiş insanlar bu xərcləri indi çəkməli olsaydılar daha artıq ödəməli idilər, çünki bütün bu idxal məhsulları faktiki olaraq 35 faiz bahalaşıb. Biz dollar şəklində vəsaitlər də cəlb etmişik, həmin vəsaitlər yerli bazarda yerləşdirilib. Ona görə biz də məzənnə fərqini ödəmək üçün müəyyən çətinliklərlə üzləşmişik. Bu mənada həm bank özü, həm də bizdə borc alanlar, necə deyərlər, “eyni vəziyyətdədirlər”. Bundan əlavə, hər bir böhran köhnə yanaşmalara yenidən nəzər salmaq, daha yaradıcı, daha peşəkar şəkildə işləmək üçün yeni yollar axtarmağa imkan yaradır. Buna görə kompromis variantlar axtaracağıq. Biz bu məsələdə də öz müştərilərimizə güzəşt edirik, kreditin müddətini artırırıq, müştərilərin həmin krediyi qaytarmaq üçün real imkanlarını nəzərə almaqla fərdi ödəmə qrafikləri tərtib edirik. Mənim fikrimcə, yaxın bir-iki həftə ərzində praktiki olaraq bütün əmanətçilərimizlə konsensusa gəlməyə nail olacağıq”.