Vüqar Gülməmmədov: Yeni qanun layihəsi dövlət satınalmalarında pozuntuları aradan qaldırmağa imkan verəcək
Bakı, 22 iyun, AZƏRTAC
Dövlət satınalmalarında pozuntular kifayət qədərdir. Bunun səbəblərindən biri də daxili dövlət nəzarət orqanının olmamasıdır. Bu qanun layihəsi kargüzarlıqdan nəzarətə keçməyə və dövlət satınalmalarında pozuntuları aradan qaldırmağa imkan verəcək.
AZƏRTAC xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 22-də keçirilən iclasının gündəliyində birinci oxunuşda müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” Qanun layihələrinə münasibət bildirərkən deyib.
Hesablama Palatasının sədri qeyd edib ki, “Dövlət satınalmaları haqqında” Qanun layihəsinin qəbul edilməsi ilə bu sahədə münasibətlər tənzimlənəcək.
“Dövlət satınalmaları ilə bağlı siyasəti özündə ehtiva edən bu qanunun ikinci ən böyük üstünlüyü ondan ibarətdir ki, bütün qurumlar uçot siyasətini həyata keçirə biləcəklər. Bu sənəd planlaşdırmaya imkan verəcək.
Nəzarət tədbirləri məsələsinə toxunan Vüqar Gülməmmədov bildirib ki, müqavilənin icra müddətinin dəyişməsi şərtlərə öz təsirini göstərir. O qeyd edib ki, pozuntular olduğu halda, cərimələrin tətbiq olunmaması anlaşılmazlıqlar yaradır.