Vüqar Süleymanov: Yağıntıların artması minatəmizləmə fəaliyyətinə mənfi təsir göstərir VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
Minatəmizləmə fəaliyyətində də iqlim dəyişikliklərinin təsiri hiss olunur. Bizim fəaliyyətimizin spesifikasını nəzərə alaraq təhlükəsizlik səbəblərindən yağışlı günlərdə çalışa bilmirik. Son illərdə yağışların artması, sözsüz ki, bizim fəaliyyətimizə öz mənfi təsirini göstərir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
Onun sözlərinə görə, daşqınlar və sellər zamanı təmizlənmiş ərazilərin yenidən minalarla çirklənməsi halları bir neçə dəfə müşahidə olunub: "Daşqınlar zamanı minalar çay suları ilə axıb aşağı ərazilərə gətirilir və sözsüz ki, bu, bizim üçün bir həyəcan təbilidir. Biz artıq bu məsələlərə diqqət yetiririk və daşqınlardan və sellərdən sonra əraziləri əlavə olaraq tədqiq edirik, - deyə V.Süleymanov qeyd edib.