Vüsal Qasımlı: Şəki-Zaqatala bölgəsi Azərbaycanın ixrac potensialında mühüm rol oynayır
Şəki, 11 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala bölgəsi Azərbaycanın ixrac potensialında mühüm rol oynayır. Tütünçülüyün, baramaçılığın inkişafı, fındıq və ipəkçilik məhsullarının istehsalı, eyni zamanda, turizm imkanları bu bölgəni həmişə diqqət mərkəzində saxlayır. Bu baxımdan, Azexport.az portalının əməkdaşlarının Şəki-Zaqatala bölgəsindən olan sahibkarlarla görüşü çox faydalıdır və belə tədbirlər Azərbaycanda qeyri-neft məhsullarının ixracının artmasına öz dəstəyini verəcək.
Bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Şəkidə AZƏRTAC-a müsahibəsində deyib.
Cari ilin yanvarından başlayaraq Azexport.az portalının xarici şirkətlərdən, distribüterlərdən Azərbaycan məhsullarına 7 milyon ABŞ dolları məbləğində sifariş aldığını diqqətə çatdıran Mərkəzin direktoru bildirib ki, şübhəsiz, gələcəkdə Şəki-Zaqatala zonasının sahibkarları da bu sifarişlərin alınmasında bilavasitə iştirak edəcək və sifarişlərin bir qismi bu bölgənin sahibkarlarına yönəldiləcək. “Nəticədə Şəki-Zaqatala zonasının sahibkarları ixrac həcmini genişləndirməklə, dünya bazarlarına çıxmaqla tam bir dəyər zəncirini, təchizat zəncirini yaradacaqlar. Bütün bunlar regionlarda kiçik və orta sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasına, ölkəyə valyuta gətirilməsinə, bütövlükdə isə makroiqtisadi sabitliyin təmin olunmasına öz töhfəsini verəcək”, - deyə Vüsal Qasımlı diqqətə çatdırıb.