Vyana Şəhər Marafonunda Azərbaycan nümayəndəsi də iştirak edib
Vyana, 7 aprel, AZƏRTAC
Aprelin 7-də Vyanada 36-cı şəhər marafonu keçirilib. Marafonda dünyanın 120-dən çox ölkəsindən 42 mindən artıq peşəkar və həvəskar idmançı iştirak edib. Bu, marafonun tarixində rekord göstərici olub. İdmançılardan təxminən 9 mini tam məsafəni qaçan atletlər arasında yer alıb.
Builki şəhər marafonunun qalibi kişilər arasında keniyalı Vinsent Kipçumba olub. O, marafon məsafəsini 2:07:20 saata qət edərək birinciliyi əldə edib. Yerli idmançılar arasında ən yaxşı nəticəni isə əslən efiopiyalı Lemavork Ketema göstərib. 11-ci yer tutulan Ketema marafonu 2:10:44 saata qət edərək Avstriya idmançıları arasında indiyədək ən yüksək nəticəyə imza atıb.
Qadınlar arasında da birincilik Keniya təmsilçisinə mənsub olub. Nensi Kiprip finişə qədər məsafənin öhdəsindən 2:22:12 saata gəlib və həmyerliləri Angela Tanui və Murine Çepkemoini qabaqlayaraq ilk yeri tutub.
Ənənəvi olaraq bu il də marafonda Azərbaycan nümayəndəsi iştirak edib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Avstriyadakı səfirliyi nəzdindəki hərbi nümayəndəsi, polkovnik-leytenant Azər Heybətli ATƏT yanında akkreditə olunmuş hərbi nümayəndələrdən ibarət komandalardan birinin tərkibində marafonda iştirak edib.
Hər il olduğu kimi, bu il də marafonçuları dəstəkləyən insanlar xoş məram nümayiş etdirərək “Make-A-Wish” xeyriyyə cəmiyyətinin hesabına pul köçürüblər.
Hər il aprel ayında keçirilən Vyana şəhər marafonu ilk dəfə 1984-cü ildə “Vyana Yaz Marafonu” adı altında təşkil edilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana