WUF13 Azərbaycanın beynəlxalq səviyyədə etibarlı platforma statusunu gücləndirir- ŞƏRH
Bakı, 20 may, AZƏRTAC
Prezident İlham Əliyevin Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılışındakı çıxışı Azərbaycanın şəhərsalma siyasətinin fəlsəfəsini, strateji prioritetlərini və beynəlxalq mövqeyini əhatəli şəkildə ortaya qoydu. Çıxışda diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın qədim şəhərsalma ənənələrinin müasir inkişaf modeli ilə uzlaşdırılması oldu. Dövlətimizin başçısı Qəbələ, Şamaxı, Gəncə, Naxçıvan kimi tarixi məkanları nümunə göstərərək, Azərbaycan xalqının əsrlər boyu şəhəryaradıcı sivilizasiya formalaşdırdığını vurğuladı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə söyləyib.
Bildirilib ki, ölkə başçısı çıxışında, xüsusilə Bakının timsalında qədimliklə müasirliyin harmoniyasına diqqət çəkib. İçərişəhərin tarixi atmosferi ilə müasir memarlıq nümunələrinin yanaşı inkişaf etməsi Azərbaycanın şəhərsalma siyasətində tarixi irsin qorunmasına verilən önəmi göstərir. Prezident İlham Əliyevin “Şəhərsalma və Memarlıq İli” ilə bağlı vurğuları da bu istiqamətin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu nümayiş etdirdi.
Xüsusi qeyd edilməli məqamlardan biri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələridir. Prezidentin çıxışında Ağdamın “Qafqazın Xirosiması” kimi xarakterizə olunması Ermənistan işğalının vurduğu dağıntının miqyasını beynəlxalq auditoriyaya bir daha çatdırdı. Bunun fonunda Azərbaycanın cəmi beş il ərzində yollar, tunellər, körpülər, hava limanları, məktəblər, xəstəxanalar və yaşayış məntəqələri inşa etməsi ölkənin şəhərsalma sahəsində unikal təcrübə formalaşdırdığını göstərir.
"Çıxışın digər mühüm istiqaməti dayanıqlı inkişaf və ekoloji transformasiya ilə bağlı idi. Bakının vaxtilə ağır neft çirklənməsinə məruz qalmış ərazilərinin müasir və ekoloji şəhər məkanlarına çevrilməsi Azərbaycanın urbanizasiya modelində yaşıl inkişaf prinsipinə üstünlük verdiyini təsdiqləyir. “Qara şəhər”in “Ağ şəhər”ə çevrilməsi bu siyasətin ən simvolik nümunələrindən biri kimi təqdim olundu.
Prezident İlham Əliyevin çıxışında beynəlxalq əməkdaşlıq və qlobal dialoq məsələləri də ön plana çəkildi. Bakıda WUF13 kimi mötəbər tədbirin keçirilməsi Azərbaycanın beynəlxalq səviyyədə təhlükəsiz, sabit və qlobal problemlərin müzakirəsi üçün etibarlı platforma statusunu gücləndirir.
Sessiya yalnız şəhərsalma məsələlərinin müzakirəsi deyil, həm də müxtəlif ölkələrin təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından əhəmiyyət daşıyır.
Ümumilikdə Prezident İlham Əliyevin çıxışı Azərbaycanın şəhərsalma siyasətinin yalnız infrastruktur layihələri ilə məhdudlaşmadığını, eyni zamanda tarixi irsin qorunması, dayanıqlı inkişaf, sosial rifah və beynəlxalq əməkdaşlıq prinsiplərinə söykəndiyini nümayiş etdirdi",- deyə Ə. Məhərrəmzadə söyləyib.