Xaçmazlı fermer: Bu il alma bağlarında məhsuldarlıq yüksək olacaq
Xaçmaz, 22 aprel, Elxan Yusifli, AZƏRTAC
Bu il alma bağlarında məhsuldarlıq yüksək olacaq. Ağacların çiçəkləməsi yaxşıdır. Çiçəkləmə dövrü bitənədək güclü yağıntı və ya isti yel olmasa, bol məhsul yetişəcək. Bağımızda “Qolden Delişes” və “Simirenko” sortlarını becəririk. Məhsuldarlıq yaxşı olanda bir hektardan 30 tonadək meyvə toplayırıq. Mart ayından başlayaraq bağa xəstəlik və zərərvericilərə qarşı üç dəfə dərman preparatları səpmişik. Hazırda gübrələməklə yanaşı, növbəti suvarmanı da həyata keçiririk. Amma su sarıdan müəyyən çətinliyimiz var. Kanallarda su çox azdır. Bizim becərdiyimiz əsasən ənənəvi bağlardır. Bir ildən bir yaxşı məhsul verir. Gələcəkdə intensiv bağçılığa keçməyi planlaşdırırıq.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə xaçmazlı fermer Güləli Hacıyev söyləyib.
Fermer bildirib ki, Xaçmaz rayonunun Ağyazı Buduq kəndində 1,3 hektar alma bağı var. Artıq 25 ilə yaxındır bu alma bağına qulluq edirlər.
“Bütün aqrotexniki qulluğu ailəmlə birlikdə həyata keçiririk. Amma məhsul yığımı dövründə əlavə işçi qüvvəsi cəlb edirik. Bizdə tezyetişən sortlar yoxdur. Ona görə də ilk məhsul yığımı avqust ayında olacaq. Bizim almanın əsas satış yeri Rusiya bazarlarıdır” - deyə, xaçmazlı fermer söyləyib.
Xaçmazda əksər bağbanlar yüksəkkeyfiyyətli, yerli bazarla yanaşı, xarici ölkələrdə də satıla biləcək məhsul yetişdirirlər. Alma daha çox qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə ixrac olunur. Keyfiyyəti nisbətən aşağı olan meyvə isə Quba və Xaçmaz rayonlarındakı emal müəssisələrinə təhvil verilir.
Məhsuldarlıq daha çox intensiv və superintensiv alma bağlarında müşahidə olunur. Müasir suvarma üsulunun tətbiqi və yeni növlərin ənənəvi bağlara nisbətən daha məhsuldar olması bağbanların bu sahəyə marağını artırıb.
Qeyd edək ki, ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi dövründə fermerlərin kənd daxilində təsərrüfat fəaliyyəti ilə məşğul olmaları üçün hərəkətləri sərbəstdir. Əgər fermerin təsərrüfat işləri ilə əlaqədar başqa kəndə, rayon mərkəzinə getməsi labüddürsə, bunun üçün yerli icra hakimiyyəti orqanının ərazi icra nümayəndəliyindən müvafiq arayış almalıdır. Rayon mərkəzində yaşayan, kəndlərdə təsərrüfatı olan şəxslərə arayışı şəhər icra nümayəndəliyi verir.
Rayonlararası hərəkət üçün mexanizatorlar və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermer, təchizatçı və tədarükçülər rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən, digərləri isə rayon icra hakimiyyət orqanından arayış almalıdır.