REGİONLAR
Xaçmazlı iş adamı: Prezidentin sahibkarlara dəstəyi gələcəyə böyük ümid və stimul yaradır
Xaçmaz, 30 yanvar, Elxan Yusifli, AZƏRTAC
Hazırda dünya ölkələrini bürüyən iqtisadi böhran ölkəmizdə də dövlət-biznes münasibətlərinə yenidən baxılmasını tələb edir. Biz sahibkarlar ölkəmizdə bu istiqamətdə atılan real addımları yüksək qiymətləndiririk. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlətimizin başçısı İlham Əliyev öz nitqində qarşıda duran vəzifələri aydın şəkildə izah etdi. Həmin çıxışda sahibkarlarla bağlı söylənilən fikirlər, güclü dəstək bizə gələcək üçün böyük ümid və stimul verir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Xaçmaz rayonunun Ağaşirinoba kəndində yerləşən anbarlar kompleksinin direktoru Rövşən Şərifov söyləyib. “Biz əvvəlcə bir soyuducu anbar tikməyi planlaşdırırdıq. Dövlətin güzəştli kreditlərindən faydalanaraq işə başladıq. Amma sonradan layihəmizin daha gəlirli olması üçün anbar kompleksi qurmağa başladıq. Hazırda işimizi yekunlaşdırmaq üçün əlavə vəsaitə ehtiyac yaranıb. Prezident İlham Əliyevin tapşırığına əsasən dövlət qurumları rəhbərlərinin bölgələrdə ictimaiyyət nümayəndələri, o cümlədən sahibkarlarla görüşü yerinə düşdü. İqtisadiyyat naziri Şahin Mustafayevin Xaçmazda keçirilən görüşü zamanı kredit üçün müraciət etdik. Bütün mövcud imkanlardan istifadə edib bizə kömək göstəriləcəyini bildirdilər. Bizə belə bir imkan yaratdığı üçün Prezident İlham Əliyevə minnətdarıq”.
Sahibkar bildirib ki, onların yaratmaqda olduqları soyuducu anbar kompleksində regionda istehsal edilən məhsulları uzun müddət saxlamaq mümkün olacaq. Bununla yanaşı, kompleksin fəaliyyətə başlaması yeni iş yerlərinin açılmasına da imkan verəcək.