Xalq Cümhuriyyətinin tarixi ənənələri bu gün uğurla inkişaf etdirilir
Masallı, 27 may, Bağır Əliyev, AZƏRTAC
Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi ölkəmizin dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir mayın 27-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən Respublika Gününə həsr olunmuş konfransda səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Konfransda Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyevanın Respublika Günü ilə bağlı məruzəsi dinlənilib.
Məruzə ətrafında müzakirələrdə çıxış edən "Masallı ziyalıları" İctimai Birliyinin üzvü Xanhüseyn Musayev, Masallı Dövlət Regional Kollecin müəllimi Kəmalə İmanova, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvü Cəmaləddin Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin xalqımıza irs qoyduğu dövlətçilik ənənələrindən, müstəqil Azərbaycan Respublikasının həyatımızın bütün sahələrində qazandığı uğurlardan danışıblar.
Çıxış edənlər bildiriblər ki, XX əsr Azərbaycanın tarixində bir-birini sürətlə əvəz edən və xalqın taleyində həlledici sayılan hadisələrlə zəngin olub. Bu hadisələrdən biri də 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsidir. Ümummilli lider Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını dövlətçilik tariximizdə parlaq səhifə kimi dəyərləndirib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir, müstəqil ölkəmiz beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevrilib.