Xalq şairi Nigar Rəfibəylinin 110 illik yubileyi abidəsi önündə qeyd olunub
Gəncə, 19 iyun, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, AMEA Gəncə bölməsi və AYB Gəncə bölməsinin təşkilatçılığı ilə Xalq şairi Nigar Rəfibəylinin 110 illik yubileyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.
Çıxış edən AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova Nigar xanımın poetik dünyasının özünə məxsusluğundan, Nigar Rəfibəyli poeziyasının məziyyətlərindən danışıb.
AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev Nigar xanımın şəcərəsindən, onun atası Xudadat bəyin gördüyü işlərdən söz açıb.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Süleyman Əliyev çıxışında Nigar xanımın mənəvi dünyasından, onun oğlu yazıçı Anardan, nəvəsi Günel xanımdan bəhs edərək, Azərbaycan ədəbiyyatında Rəsul Rza və Nigar xanımın tutduğu mövqedən danışıb.
Həmçinin tədbirdə “Alagözlüm”, “Aman ayrılıq” və “Dağları duman alanda” ifaları səsləndirilib.