XALQ ŞAİRİ XƏLİL RZA ULUTÜRKÜN “TURAN ÇƏLƏNGİ” KİTABININ TƏQDİMATI KEÇİRİLMİŞDİR
AMF idarə heyətinin sədri, Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev, AÖDC-nin sədri, Milli Məclisin (MM) deputatı Eldar İbrahimov, MM-in mədəniyyət məsələləri daimi komissiyasının sədri, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov və başqaları Xəlil Rza Ulutürkün yaradıcılığının bəzi məqamlarından, tərcüməçilik məharətindən danışmışlar. Bildirilmişdir ki, o, tərcüməçilik sənətinin həm bədii, həm də nəzəri məsələləri ilə ardıcıl məşğul olmuş və bəşər bədii fikrinin ən görkəmli nümayəndələrinin əsərlərini dilimizə tərcümə etmişdir. “Turan cələngi” kitabında xalq şairinin türk xalqları - əsasən, türk, özbək poeziyasından tərçümə nümunələrinin toplandığı diqqətə çarpdırılmış və qeyd edilmişdir ki, bu kitab hər bir türkün başına qoyula biləcək mənəvi çələngdir.
Özbəkistanın Azərbaycandakı səfiri İsmatulla İrqaşov xalqlarımız arasındakı çoxəsrlik əməkdaşlıq əlaqələrinə toxunmuş, ümummilli liderimiz Heydər Əliyevin Özbəkistan Prezidenti İslam Kərimovla dostluq münasibətlərindən danışmış, Prezident İlham Əliyevin 2004-cü ildə Özbəkistana səfəri nəticəsində dövlətlərimiz arasındakı əlaqələrdə yeni səhifə açıldığını vurğulamışdır.
Tədbirdə tanınmış müğənnilərimizin ifasında Azərbaycan və Özbəkistan xalq mahnıları səslənmiş, rəqslər ifa olunmuş, aparıcılar Xəlil Rza Ulutürkün şeirlərini oxumuşlar.
Mərasimdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, bir çox xarici ölkələrin respublikamızdakı səfirləri iştirak etmişlər.