SİYASƏT
Xalqımız istənilən təhdidə Ali Baş Komandanın rəhbərliyi altında cavab vermək iqtidarındadır
Bakı, 2 aprel, AZƏRTAC
Vətən müharibəsində Azərbaycanda yüksək vətənpərvərliyi, eyni zamanda, hakimiyyət və xalq birliyini müşahidə etdik. Müharibə dövründə hər bir gənc Ali Baş Komandanımızın yanında idi. Hamımız xatırlayırıq ki, həmin günlər gənclərimiz çağırış məntəqələrinin önündə gecələyirdilər ki, könüllü şəkildə müharibəyə gedə bilsinlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
“Mən müharibə başlayan gün Füzuli rayonunda idim. Orada olarkən vətəndaşlarımızın vətənpərvərliyinin, birliyinin, xalqımızın Ali Baş Komandana və Ordumuza inamının yüksək səviyyədə olduğunu gördüm. Bu, bir daha təsdiq edir ki, Azərbaycan xalqı Ali Baş Komandanın yanındadır, onun siyasətini dəstəkləyir. Eyni zamanda, ordu quruculuğu Ali Baş Komandanımızın rəhbərliyi ilə hərbiçilərimizə olan qayğı, ordumuzun gücləndirilməsi ilə bağlı görülər işlər Vətən müharibəsində Zəfərin əldə edilməsinə imkan yaratdı”, - deyə Milli Məclisin deputatı qeyd edib.
Ermənistanda tamamilə əks mənzərənin müşahidə edildiyini söyləyən Vüqar Bayramov bildirib ki, qarşı tərəfdə fərarilərin sayı kifayət qədər yüksək idi. Azərbaycan Ordusundan fərqli olaraq Ermənistan ordusunda fərari sayının yüksək olması, həmçinin erməni xalqında birliyin zəif olması danılmaz faktlardır. Bunlar bir daha təsdiq edir ki, Azərbaycan xalqı öz rəhbərinin yanındadır. Xalqımız istənilən təhdidə Ali Baş Komandanın rəhbərliyi ilə cavab vermək iqtidarındadır.