Xankəndidə tələbələrə azad edilmiş ərazilərdəki inkişaf layihələri barədə məlumat verilib
Xankəndi, 21 may, AZƏRTAC
Mayın 21-də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı çərçivəsində Qarabağ Universitetinin tələbələri ilə dəyirmi masa keçirilib. Qarabağ Universitetinin tələbə və müəllim heyətinin, eləcə də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşlarının iştirak etdiyi tədbirdə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, dayanıqlı məskunlaşma və regionun perspektivləri müzakirə olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tələbələrə Xankəndi şəhərində aparılan genişmiqyaslı tikinti və abadlıq layihələri, sosial infrastrukturun yenidən qurulması, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Tədbirdə xüsusi nümayəndəliyin fəaliyyəti, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr və gələcək inkişaf planları barədə təqdimatlar olub, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Müxbir - Tahir Ağaməmmədov