ELM VƏ TƏHSİL
Xaricdə yaşayan azərbaycanlı alimlər UNEC-də distant təhsillə bağlı təlimlər keçəcəklər
Bakı, 20 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə distant tədris sahəsində müəllimlərin bilik və bacarıqlarının daha da artırılması məqsədilə onlayn təlimlər keçiriləcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Distant təhsildə tədrisin təşkili və metodik təminatı” mövzusuna həsr olunan təlimlər avqustun 31-dən sentyabrın 4-dək təşkil olunacaq. Təlimlər ABŞ-ın Şimali Dakota, Kanzas, Corc Vaşinqton, Klemson, Radford universitetlərində və İsveçrənin Luqano Universitetində fəaliyyət göstərən azərbaycanlı alimlər, eləcə də Türkiyənin distant təhsil sahəsində ən geniş təcrübəyə malik olan Anadolu Universitetinin professorları tərəfindən keçiriləcək. Təlimçilərin təqdimatları dörd dildə (Azərbaycan, rus, ingilis, türk) tərcümə olunaraq iştirakçıların e-mail ünvanlarına göndəriləcək.
Təlimlərdə 10 məruzəçi distant təhsilin xüsusiyyətləri, informasiya-resurs təminatı, müvafiq sahədə interaktivliyin təmini, sərbəst işlərin yerinə yetirilməsi qaydaları, motivasiyanı yüksəldən tədris metodları, tələbələrlə dərsdən kənar əlaqənin effektiv qurulması və digər bu kimi mövzularda çıxış edəcəklər.
Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Təlimlər ödənişsizdir və UNEC müəllimləri ilə yanaşı, digər ali təhsil müəssisələrinin professor və müəllim heyəti də qeydiyyatdan keçərək iştirak edə bilər.