Xətai rayonunda 25 meyvə ağacının kəsilməsi faktı aşkarlanıb
Bakı, 6 may, AZƏRTAC
Mayın 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə paytaxtın Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları təkrarən yerində araşdırıblar. Əraziyə keçirilən baxış zamanı yaşıllıq sahəsində mülkiyyətçi Həzrət Temirov tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü, 8 çoxillik şam və qovaq ağacının isə yerində qaldığı müəyyən edilib. Kəsilən ağacların əvəzinə yeni ağacların əkilməsi, köçürülən ağaclara isə aqrotexniki xidmət göstərilməsi ilə bağlı torpaq mülkiyyətçisinə nazirlik tərəfindən “məcburi göstəriş” verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə açıqlamasında məlumat verib.
“Nazirliyə həmin ünvanda ağacların kəsilməsi ilə bağlı aprelin 16-da da şikayət daxil olub. Araşdırma zamanı M.Hadi küçəsi, 93/99 ünvanında 0,24 hektar yaşıllıq sahəsinin tikinti məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin 2013-cü il tarixli sərəncamı ilə Həzrət Temirova ayrıldığı müəyyən edilib. Nazirliyin əməkdaşları ərazidəki 131 müxtəlifcinsli ağacı qeydiyyata alaraq torpaq mülkiyyətçisinə təhvil veriblər. Həmin ünvandakı ağacların kəsilməsi və köçürülməsi ilə bağlı martın 28-də mülkiyyətçinin oğlu Rüstəm Temirov, aprelin 3-də isə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən nazirliyin Dövlət Ekspertiza İdarəsinə müraciət olunub, lakin yaşıllıqların toxunulmaz qalması məqsədəuyğun hesab edilib, ağacların köçürülməsi və kəsilməsinə icazə verilməyib”, - deyə mətbuat katibi qeyd edib.