HEYDƏR ƏLİYEV - 1
Xətai rayonunda növbəti ağacəkmə aksiyasında 500-dən çox ağac əkilib
![](/files/galleryphoto/2023/1/1200x630/16785430811225512419_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16785430812856547813_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16785430814872054424_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1678543081375019837_1200x630.jpg)
Bakı, 11 mart, AZƏRTAC
Xətai Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı “Heydər Əliyev İli” çərçivəsində Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyalarına başlayıb. Son bir ayda rayonun C.Həsənov, X.Məmmədov, Ç.Kərimov küçələrində, Gəncə prospektində, Heydər Əliyev və “Gənclik” parklarında 3000-dən çox müxtəlif növ ağac əkilib.
AZƏRTAC xəbər verir ki, martın 11-də növbəti ağacəkmə aksiyası rayonun Heydər Əliyev və “Gənclik” parkında, Gəncə prospekti, General Mehmandarov və Məhəmməd Hadi küçələrində keçirilib. Aksiyada 500-dən çox ağac əkilib.
Təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların genişləndirilməsi Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ümummilli Liderin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının Sərəncamı ilə 2010-cu ilin ölkəmizdə “Ekologiya İli” elan edilməsi də özündə bu məqamları ehtiva edir. Prezident İlham Əliyev görüləcək işlərin yalnız bir il ilə məhdudlaşmamalı olduğunu demişdi və daim davam etdirilməsinin vacibliyi barədə çağırış etmişdi. Heydər Əliyev Fondunun “Hərəmiz bir ağac əkək!” layihəsi də ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük töhfədir. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü, həmçinin dəstəyi ilə həyata keçirilən layihələri də xüsusi qeyd etməliyik.
Xətai Rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə keçirdiyi ağacəkmə aksiyasının məqsədi ölkəmizdə ekologiyanın qorunması, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir.