Xəzər dənizini çirkləndirənlər cəzalandırılırlar
Bakı, 2 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Xəzər dənizinin Xaçmaz sahil zolağında keçirdiyi son monitorinqlərin nəticələri göstərib ki, rayon ərazisində təmizləyici qurğular, mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi tam mövcud olmadığından, müəssisə və təşkilatlarda formalaşan bərk məişət tullantıları və tullantı suları düzgün idarə edilmir. Nəticədə çirkab suları təbii axarlar vasitəsilə birbaşa Xəzər dənizinə axıdılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında idarənin rəisi Ərəstun Həsənov deyib.
O qeyd edib ki, aparılmış analitik təhlillərin nəticələrinə görə su nümunələrində səthi aktiv və bioloji çirkləndirici maddələrin miqdarı normadan artıq olub.
Nazirliyin rəsmisinin sözlərinə görə, Xaçmaz rayonu ərazisində ən çox çirklənməyə məruz qalan axarlar Qudyalçay, Qusarçay və Vəlvələçaydır. Onlar da Xəzəri çirklənməyə məruz qoyur. Çayların çirklənməsinə səbəb “Azərsu” ASC-nin 1 saylı Regional Su Kanal İdarəsinin Bioloji Təmizləyici Qurğusunun istismara yararsız olması və Quba-Xaçmaz kanalizasiya kollektorunun həmin təbii axara qoşulmasıdır. O qeyd edib ki, “Aysberq” oteli, “Aysberq” pivə və “Qafqaz” konserv zavodlarında formalaşan tullantı suları Qudyalçay vasitəsilə, Nabranda fəaliyyət göstərən “Malibu”, “Oberlyuks”, “Atlant”, “Mayak”, “Dənizçi”, “Lokomotiv”, “Sunset”, “Palma” istirahət mərkəzlərində formalaşan tullantı suları isə birbaşa Xəzər dənizinə axıdılır.
Yalama-Nabran ərazisində keçirilən monitorinqlər zamanı isə yaşayış məntəqələrində formalaşan tullantı sularının mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin olmaması səbəbindən birbaşa dənizə axıdıldığı məlum olub. Bundan əlavə, Xaçmaz rayonunun bəzi ərazilərində və Xudat şəhərində bərk məişət tullantılarının düzgün idarə olunmadığı və antisanitar vəziyyətin əmələ gəldiyi müşahidə edilib.
Ə.Həsənov aşkar olunan pozuntu hallarının aradan qaldırılması üçün nazirlik tərəfindən Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə, bələdiyyələrə, obyekt və müəssisələrin rəhbərlərinə müvafiq tapşırıqlar verildiyini, xəbərdarlıq-bildiriş məktubları göndərildiyini deyib.
“Nazirlik tərəfindən monitorinqlər davam etdirilir və müvafiq tədbirlər görülür. Lakin inzibati məsuliyyətə cəlb etməklə də iş bitmir. Bir daha vətəndaşlarımızı, obyekt və müəssisə rəhbərlərini işlərində ciddi dönüş yaratmağa, istehsalat fəaliyyəti ilə birgə ətraf mühitə münasibətdə də sağlam mövqe tutmağa və Xəzər dənizini çirkləndirməməyə çağırırıq”.