Xəzər donanmasının gəmiləri Azərbaycanda toplantı-yürüş keçirəcək
Moskva, 1 sentyabr, AZƏRTAC
Xəzər donanmasının gəmi dəstəsi toplantı-yürüş çərçivəsində Qazaxıstan və Azərbaycan limanlarına baş çəkəcək.
AZƏRTAC İnterfaks agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi, polkovnik Vadim Astafyev deyib.
Vadim Astafyev bildirib ki, "Velikiy Ustyuq" kiçik raket gəmisi və əlavə edilmiş təchizat gəmilərindən ibarət Xəzər donanmasının gəmi dəstəsi əsas məntəqəni tərk edib və toplantı-yürüş tapşırıqlarını icra etmək üçün açıq dənizə çıxıb. Xəzəryanı ölkələr arasında beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və möhkəmləndirmək üçün rusiyalı dənizçilər dəniz yürüşü vəzifələrinin icrası zamanı iki xarici dövlətin - Qazaxıstanın və Azərbaycanın limanlarına baş çəkəcəklər.
O qeyd edib ki, 25 günlük yürüşdə gəmi dəstəsinin məqsədi Xəzər dənizində Rusiya gəmilərinin hərbi-dəniz mövcudluğunu təmin etməkdir. Həmçinin gəmilərin ekipajları qeyri-qanuni silahlı birləşmələr tərəfindən yarana bilən təhlükələrdən neft və qaz hasilatı sənayesi obyektlərini müdafiə etmək üzrə ikigünlük təlim keçirəcək.
Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi onu da əlavə edib ki, dəniz yürüşü zamanı birgə manevr üzrə vəzifələr, axtarış-xilasetmə təminatının elementləri işlənib hazırlanacaq, dəniz, hava və sahil hədəflərinə artilleriya atəşi üzrə hərbi tapşırıqlar yerinə yetiriləcək. Gəmi ekipajları yürüş zamanı Xəzər dənizində 2000 mildən çox məsafə qət edəcək, tapşırıqların icrasında koordinasiyanı və hərbi hazırlığı yoxlayacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva