“XƏZƏR” İNTEQRASİYA İŞGÜZAR KLUBU FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, kulubun yeni üzvlərinə sertifikatlar təqdim olunduqdan sonar İsrailin Azərbaycandakı səfirliyinin ticarət və iqtisadi əlaqələr departamentinin direktoru Rafael Abbasov “İsrail şirkətlərinin və sərmayəçilərinin Azərbaycanın qeyri-neft bölməsinin (turizm, telekommunikasiya, infrastruktur) inkişafında rolu” mövzusunda məruzə etmişdir. Məruzəçi bildirmişdir ki, Azərbaycanda ictimai-siyasi sabitliyin davamlılığı , ölkəmizin təbii ehtiyatlarının zənginliyi, dövlətimizin qeyri-neft bölməsini inkişaf etdirmək planları və xalqlarımız arasında dostluq münasibətləri İsrail şirkətləri və sərmayəçilərinin respublikamıza maraq göstərməsini təmin edən əsas amillərdir. İsrail şirkətləri və sərmayəçiləri Azərbaycandakı fəaliyyətlərini daha da genişləndirəcəklər. Çünki dövlət bunun üçün lazım olan münbit şəraiti yaratmışdır.
bp şirkəti biznes mərkəzinin direktoru Azər Zeynalovun “bp-nin Azərbaycanda kiçik və orta biznesin inkişafında rolu və onların müsabiqələrdə iştirakı üçün şərait yaradılması” mövzusunda məruzəsi də maraqla dinlənilmişdir. Natiq qeyd etmişdir ki, kiçik və orta sahibkarlığın inkişafına yardım bp-nin fəaliyyətində özünü qabarıq göstərir. Şirkətin rəhbərliyi bu fəaliyyəti genişləndirmək üçün bundan sonra da təxirəsalınmaz tədbirlər görəcəkdir.
Axırda klub üzvlərini və jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.