Xəzər sahilindəki çimərliklərdə aparılan mikrobioloji təhlillərin nəticələri açıqlanmışdır
Bakı, 10 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Xəzər dənizinin sahilindəki çimərlik ərazilərində aparılan mikrobioloji təhlillərin müqayisəli nəticələri açıqlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nəticələrə görə, Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran qəsəbələrinin, Novxanı və Corat bağlarının sahil zolaqlarındakı çimərlik sahələri, eləcə də “Amburan” çimərliyi ərazisi yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.
ETSN bu ərazilərdə beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli təmizləyici qurğu quraşdırmışdır. Qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə, 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınmışdır ki, bunun da nəticəsində Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmış, son 6 il ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı minimum həddə çatmış, çirklənmə dərəcəsi artıq normaya düşmüşdür.
Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi, bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınmışdır. Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərlikləri isə mikrobioloji çirklənmə dərəcəsi, bağırsaq çöpü bakteriya qruplarının normadan artıq miqdarda olması səbəbindən çimərlik kimi istifadəyə yararsız hesab edilir.
Tullantı suları təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə bu ərazilərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıq müəyyən edilmişdir.