“XƏZƏR SAHİLYANI BİRLİKLƏRİNİN SABİT İNKİŞAFI” LAYİHƏSİNİN TƏQDİMATI OLMUŞDUR
Təqdimat mərasimini Avropa Birliyinin Azərbaycandakı xüsusi səfiri Antonius de Vriyes açmışdır.
Layihənin meneceri Devid Berton çıxışında bildirmişdir ki, layihə iki hissədən – texniki və maliyyə yardımı hissələrindən ibarətdir. Layihənin ümumi məqsədi Xəzər regionunun təbii sərvətlərindən qeyri-səmərli istifadəni azaltmaq və bunun qarşısını almaqdır. Sahilyanı zonanın yerli əhalisinə alternativ gəlir mənbələrinin inkişafı üçün yardım göstəriləcəkdir. D.Bertonun sözlərinə görə, Xəzər regionu üçün xarakterik problemlərdən biri brakonyerlikdir. Əhali bəzən ailələrini dolandırmaq üçün buna əl atmağa məcburdur. Yeni iş yerlərinin açılması bu zonanın əhalisinə xeyli kömək edəcək, regionda qeyri-qanuni balıq ovlanmasının və Xəzərə mənfi təsirlərin qarşısını alacaqdır.
Layihənin ümumi dəyəri 2,5 milyon avrodur.
Azərbaycanın Regional Ekologiya Mərkəzindəki nümayəndəsi Mətləb Həsənovun məlumatına görə, maliyyə vəsaitinin birinci tranşı 100 min avro təşkil edəcəkdir. Layihənin Azərbaycanda gerçəkləşdirildiyi dövr ərzində 80 min avro sərmayə qoyulacaqdır. Kiçik biznesin, qeyri-hökumət təşkilatlarının, bələdiyyələrin, müxtəlif ictimai qrupların nümayəndələri yardım üçün müraciət edə bilərlər. Qrantlar almaq üçün biznes-planlar təqdim olunmalıdır. Özü də qrantın məbləği nə qədər çox olarsa, biznes plan da bir o qədər ətraflı olmalıdır. Layihənin meneceri D.Berton bildirmişdir ki, məsələn, 1-2 qaramal heyvan almaq üçün adi işgüzar plan təqdim etmək kifayətdir. Belə planların hazırlanmasında əhaliyə yardım göstəriləcəkdir.
Layihə Böyük Britaniyanın İMC (İnternational Mininq Corporation) şirkəti tərəfindən həyata keçirilir.