ELM VƏ TƏHSİL
Xəzər Universiteti dünyanın ən yaxşı ali təhsil müəssisələri sırasında
Bakı, 23 aprel, AZƏRTAC
“Times Higher Education” BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı universitetləri müəyyənləşdirmək məqsədilə “THE University Impact Rankings 2020” reytinq cədvəlini nəşr edib. Reytinqin ikinci nəşrinə 85 ölkədən 766 universitet daxil edilib. On yeddi sahə üzrə ayrı-ayrılıqda universitet reytinqləri müəyyənləşdirilib. Xəzər Universiteti Azərbaycandan bütün sahələr üzrə yüksək nəticə göstərən tək universitetdir.
Beləliklə, Xəzər Universiteti sahələrin 1-i üzrə 101-200-cü yerdə, 2-si üzrə 201-ci yerdə, 3-ü üzrə 201-300-cü yerdə, 4-ü üzrə 301-400-cü yerdə, 2-si üzrə 301-ci yerdə, 1-i üzrə 401-600-cü yerdə, 1-i üzrə isə 601-ci yerdə qərarlaşıb.
Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, bu reytinq cədvəlinə daxil olmaq özlüyündə böyük nailiyyətdir. Belə ki, universitetin Dayanıqlı İnkişaf Məqsədlərinə dəstəyi təkcə tədris, tədqiqat və biliyin ötürülməsi ilə məhdudlaşmır, həmçinin onları Xəzər Universitetinin daxili qayda-qanunlarının ayrılmaz tərkib hissəsi edir.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri bütün ölkələrdə doğru iqtisadi və sosial davamlı inkişafa çatmaq üçün nəzərdə tutulmuş istiqamətlərdir. Bunlar daha yaxşı dünya qurmaq yolunun əməkdaşlıqdan keçdiyini vurğulamaq məqsədilə 2015-ci ildə BMT-yə üzv ölkələr tərəfindən qəbul olunub.
Reytinq cədvəli ilə linkdə tanış olmaq mümkündür.