Xəzər Universitetində “Tələbə dəstək və inkişaf xidmətləri” layihəsi çərçivəsində konfrans keçirilmişdir
Bakı, 2 noyabr (AZƏRTAC). Xəzər Universitetində Tempus proqramı çərçivəsində “Tələbə dəstək və inkişaf xidmətləri” layihəsinin ikinci iclası olmuşdur. İclasda layihənin hazırkı vəziyyəti və gələcək fəaliyyət istiqamətləri müzakirə edilmişdir.
Tempus layihəsinin məqsədi Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, və İsrailin ali təhsil müəssisələrində tələbə və məzunlar üçün ən yaxşı Avropa təcrübələrinə əsaslanan, qloballaşan dünyanın tələblərinə cavab verən qabaqcıl və yenilənən xidmətlər yaratmaqdır.
Xəzər Universitetindən AZƏRTAC-a bidirmişlər ki, Avropa və tərəfdaş ölkələri təmsil edən 35 nümayəndənin iştirak etdiyi tədbiri Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı açaraq, tələbə dəstək xidmətlərinin əhəmiyyətindən və universitetdə bu xidmətin cari vəziyyətindən danışmışdır. Bildirmişdir ki, bu özəl ali məktəbdə tələbə xidməti 1998-ci ildə Karyera İnkişaf Mərkəzinin yaradılması ilə başlamış və digər tələbə dəstək xidmətlərinin qurulması ilə davam etdirilmişdir.
Tədbirdə İtaliyanın L’Aquila Universitetinin prorektoru, fəlsəfə doktoru Anan Tozzi layihənin hazırkı vəziyyəti və gələcək fəaliyyəti haqqında çıxış etmişdir.
Tempus layihəsinin Azərbaycan üzrə rəhbəri Pərviz Bağırov layihənin əhəmiyyətini vurğulamış və “Erasmus +” çərçivəsində yeni imkanlar barədə danışmışdır.
Sonra tədbir iştirakçıları öz ali təhsil müəssisələrində tələbə dəstək xidmətləri, müəyyən çatışmazlıqlar və layihə çərçivəsində əldə olunacaq nəticələr barədə çıxış etmişlər.
Konfransda, həmçinin Xəzər Universiteti ilə İtaliyanın L’Aquila, Gürcüstanın Akaki Tsereteli, Qırğızıstanın Issık-Kul Dövlət, Rumıniyanın Stefan cel Mare, Qazaxıstanın Kostanay Dövlət və Qərbi Qazaxıstanın Aqrar-Texniki universitetləri arasında Anlaşma memorandumları imzalanmış, əməkdaşlığa dair müqavilələr bağlanmışdır.
İki gün davam edən konfrans çərçivəsində qonaqlar Bakının görməli yerlərini gəzmiş, maddi-mədəniyyət abidələrimizlə tanış olmuşlar.