XİN: Kanada şirkəti Azərbaycanla bağlı yanlışlığı aradan qaldırıb
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Kanadadakı səfirliyi bu ölkədə fəaliyyət göstərən Impact Telecom (Startec) telekommunikasiya şirkəti tərəfindən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin “Nagorno-Karabakh” adı altında telefon zənglərinin çatdırıldığı məntəqə kimi göstərildiyini müəyyən edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a bildirib ki, səfirlik tərəfindən məsələ ilə əlaqədar Azərbaycanın narahatlığı və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların Ermənistan tərəfindən işğal edilməsi faktı şirkətin nəzərinə çatdırılıb, Azərbaycanın ərazisi olan Dağlıq Qarabağın adının şirkətin saytından çıxarılması və bu kimi zənglərin dayandırılması məsələsi qaldırılıb.
Impact Telecom (Startec) şirkətinin cavab məktubunda Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin telefon zənglərinin çatdırıldığı məntəqələr sırasında göstərilməsi ilə əlaqədar təəssüf ifadə olunaraq, onun siyahıdan çıxarıldığı barədə məlumat verilib. Zənglərin çatdırıldığı məntəqələrin siyahısının vahid siyahı əsasında şirkət tərəfindən əldə edildiyi və sistemi yükləndiyi bildirilib. Məktubda, eləcə də Impact Telecom şirkətinin Azərbaycanın ərazi bütövlüyü və Azərbaycan xalqı, Kanadada yaşayan Azərbaycan diasporu və ya Azərbaycana zəng edən hər hansı şəxsə qarşı qərəzli mövqe tutmaqdan tamamilə kənar olduğu qeyd edilib.