XIV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 11 mart, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin XIV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları martın 11-də Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, iştirakçılar əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər.
Tədbir iştirakçıları, həmçinin Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər qoyublar.
Qeyd edək ki, iştirakçılar qış məktəbi müddətində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini müvəqqəti icra edən Səyyad Salahlı ilə görüşəcək, Heydər Əliyev məscidində, Rus pravoslav kilsəsində, Dağ yəhudiləri sinaqoqunda və “Müqəddəs Məryəm Ana Katolik Kilsəsi”ndə olacaqlar. Qubada dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə yerli əhali ilə görüşlər keçiriləcək, iştirakçılar məscid, kilsə və sinaqoqları, Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcək, “Şahdağ” Qış-Yay Turizm Kompleksinə gedəcəklər.