Xocali faciəsi dinc əhaliyə qarşı törədilən soyqırımı cinayətlərinin ən dəhşətlisidir
Qax, 26 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan xalqının tarixinə qanla yazılmış Xocalı faciəsindən 28 il ötür. Xalqımızın yaddaşında tariximizin ən faciəli günlərindən biri kimi dərin iz buraxmış Xocalı faciəsinin ildönümü Qax rayonunda da silsilə tədbirlərlə qeyd olunur. Tədbirlər planına uyğun olaraq, rayonun müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında anım tədbirləri, konfranslar keçirilir, sərgi və guşələr təşkil edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 26-da Qax şəhərində keçirilən anım tədbirinin iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda canlarından keçən igid həmvətənlərimizin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları YAP rayon təşkilatının inzibati binasının foyesində məktəblilərin Xocalı mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.
Rayonun rəhbər işçilərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirin əvvəlində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım tədbirini rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq, erməni millətçilərinin keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə 28 il əvvəl Xocalıda törətdikləri qırğının acı nəticələri barədə danışıb. Bildirilib ki, ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliam bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir. Xocalı haqqında həqiqətlərin üzə çıxarılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün hazırda Azərbaycan dövləti tərəfindən bütün zəruri addımlar atılır.
Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərovanın “Xocalı qətliamı insanlığa qarşı yönəlmiş amansız cinayətdir” mövzusunda məruzəsində erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasətindən ətraflı bəhs olunub, Xocalı faciəsinin dəhşətli nəticələri konkret faktlarla diqqətə çatdırılıb.
Tədbirdə çıxış edənlər işğal altında olan torpaqlarımızın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tezliklə azad ediləcəyinə, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqlarına əminliyini ifadə ediblər.
Sonda mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.