Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı Buxarestdə anma tədbiri keçirilmişdir
Buxarest, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı Azərbaycanın Rumıniyadakı səfirliyində anma mərasimi keçirilmişdir.
Mərasimdə Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və idarə heyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, İran azərbaycanlıları, Azərbaycansevər rumınlar, türk-tatar icmalarının nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları Xocalıda qətlə yetirilmiş insanların xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, çıxış edənlər Azərbaycan xalqının tarix boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovulmasından, qaçqın və məcburi köçkünə çevrilməsindən və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasından danışmışlar. Xocalı faciəsinin Azərbaycanın unudulmaz, dəhşətli və qanlı günlərindən olduğu vurğulanmış, soyqırımı qurbanlarının xatirəsinin bir sıra dünya ölkələrində anıldığını bildirilmişdir.
Daha sonra tədbir iştirakçılarına İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva tərəfindən irəli sürülən “Xocalıya ədalət” beynəlxalq kampaniyası haqqında məlumat verilmişdir. Vurğulanmışdır ki, beynəlxalq miqyasda, o cümlədən Rumıniyada Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliğ edilməsində diaspor üzvləri bundan sonra da aktiv fəaliyyət göstərəcəklər.
Xocalı soyqırımının, eləcədə işğal olunmuş Azərbaycan torpaqlarında törədilmiş erməni vəhşiliklərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasətinin davamı kimi bu il Rumıniya parlamentində Xocalının insanlıq əleyhinə cinayət kimi qiymətləndirilməsinin vacib hadisə olduğu diqqətə çatdırılmışdır.
Qeyd etmək lazımdır ki, Rumıniya Avropa İttifaqı və NATO-nun üzvü olan ölkələri arasında Xocalı qırğınına qarşı parlament səviyyəsində dürüst mövqe nümayiş etdirən ilk ölkə olmuşdur. Belə ki, qanunvericilik orqanında etnik ayrı-seçkilik zəminində erməni silahlı qüvvələrinin Xocalıda törətdikləri amansız qətlin nəticələri açıqlanmış, münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı və suverenliliyinə birmənalı dəstək bildirilmişdir. Avropada erməni diasporunun köklü və mütəşəkkil şəkildə fəaliyyət göstərdiyi ikinci ölkə olan Rumıniyada parlamentin bu mövqeyi qanunvericilik orqanda, eləcə də hökumətdə təmsil olunan erməni bürokratlara ən böyük zərbə olmuşdur.
Xocalı soyqırımı ilə bağlı səfirlik tərəfindən hazırlanmış məlumat Rumıniya parlamentinə, rəsmi dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, Rumıniyada fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə də göndərilmişdir.