Xocalı məktəbliləri arasında “Bu qan yerdə qalmaz!” mövzusunda yazı müsabiqəsi keçirilib
Gəncə, 24 fevral, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə Xocalı Rayon İcra Hakimiyyətinin dəstəyi, “Xocalının səsi” qəzetinin təşkilatçılığı ilə mübarizliyə və qisasa səsləyən yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Qələmimizi süngüyə çevirək” devizi ilə “Bu qan yerdə qalmaz!” mövzusunda keçirilən yazı müsabiqəsi Xocalı rayon ümumtəhsil məktəbliləri arasında təşkil olunub.
Əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Xocalı rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Xocalının səsi” qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu açaraq bildirib ki, rəhbərlik etdiyi qəzet “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının şüarı adı altında işıq üzü görür. Qəzetdə mütəmadi olaraq Xocalı soyqırımı şahidlərindən, erməni əsirliyində olmuş insanlardan alınan müsahibələr dərc edilir. Bu tədbirin keçirilməsində məqsəd “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına dəstək vermək və Xocalı soyqırımının gənc nəsil tərəfindən unudulmamasıdır.
Qalib Bəyməmmədoğlu Xocalı rayonunun 12-i ümumtəhsil məktəbindən müsabiqəyə 100-ə qədər yazı göndərildiyini qeyd edib. Məktəblilərin bu müsabiqədə fəal iştirak etdiyini vurğulayıb.
Sonra şagirdlər tərəfindən bədii kompozisiya nümayiş etdirilib.
Daha sonra müsabiqədə yer tutan qaliblərə Xocalı soyqırımından bəhs edən kitab və fəxri fərmanlar verilib.