ELM VƏ TƏHSİL
Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Mərasimdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov Xocalı soyqırımının XX əsrin Azərbaycan xalqına qarşı yönəldilmiş ən dəhşətli cinayətlərindən biri olduğunu bildirib. O qeyd edib ki, bu faciənin geniş ictimaiyyətə çatdırılmasında və məsələyə düzgün siyasi qiymət verilməsində ulu öndər Heydər Əliyevin böyük əməyi olub.
İnstitutun Gənc alimlər və mütəxəssislər şurasının sədri, Ekoloji biofizika laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ruhiyyə Quliyeva ermənilərin Xocalıda törətdikləri qanlı cinayətlərdən, Xocalı soyqırımının təfərrüatlarından, dünyada tanıdılması istiqamətində görülən işlərdən bəhs edib.
Tədbirdə digər çıxış edənlər Xocalı soyqırımını bütün bəşəriyyətə qarşı törədilmiş cinayət adlandıraraq, bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında gənclərimizin daha çox fəallıq göstərməsinin vacibliyini vurğuladılar.