Xocalı soyqırımı erməni qəsbkarlarının azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsidir
Cəlilabad, 25 fevral, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsində tariximizin qanlı səhifələrindən olan Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Tədbirdə Rayon Polis Şöbəsinin əməkdaşları, tarixçilər və ziyalılar iştirak ediblər.
Daxil İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Anım tədbirində çıxış edən Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev Xocalı soyqırımının erməni qəsbkarlarının azərbaycanlılara qarşı XIX-XX əsrlərdə həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirib. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Xocalı şəhərində soyqırımı törədiblər. Xocalıda törədilən kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.
Diqqətə çatdırılıb ki, Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis Xocalı soyqırımı barədə qərar qəbul edib. Ümummilli lider Heydər Əliyev soyqırımı haqqında həqiqətlərin beynəlxalq təşkilatlara çatdırılması istiqamətində məqsədyönlü və davamlı addımlar atıb, BMT, ATƏT, Avropa Şurası, digər beynəlxalq qurumlara, habelə xarici dövlətlərə bu qətliamın gerçək mahiyyətini çatdıraraq, dünya ictimaiyyətini erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.
Tədbirdə çıxış edən tarixçilər və ziyalılar Xocalıda baş verən qırğınların Azərbaycan xalqının qan yaddaşına həkk olunduğunu bildiriblər.
Çıxış edənlər Xocalı faciəsinin bütün əlamətlərinə görə terror aktı olduğunu vurğulayaraq, bu qanlı hadisənin günahkarlarının layiqli cəzalarını alacaqlarına əminliklərini ifadə ediblər.