Xocalı soyqırımı məktəblilərin gözü ilə...
Bakı, 26 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, təhsil müəssisələrində “Xocalı uşaqların gözü ilə”, “Xocalısız 26 il”, “Bir yurd vardır - Xocalı”, “Qar üstündə Xocalı qanı”, “Xocalı qətliamı dünya tarixinin qan yaddaşında”, “Xocalı qətliamı erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir”, “Qanlı gecə”, “Xocalıya gedən yol” mövzularında dərslər, “dəyirmi masa”lar, konfranslar, mühazirələr, ədəbi-bədii kompozisiyalar və rəsm müsabiqələri təşkil edilib.
Tədbirlərdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı soyqırımının tarixindən bəhs olunub. Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını müxtəlif şeir və ədəbi-bədii kompozisiyalarla nümayiş etdiriblər.
Xocalı soyqırımı ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri buraxılıb, stendlər və guşələr yaradılıb, məktəblilər arasında inşa yazı müsabiqələri keçirilib. Həmçinin təhsil müəssisələrində Xocalı faciəsi haqqında filmlər nümayiş olunub, məktəblilərin və təhsil işçilərinin şəhid ailələri və soyqırımı şahidləri ilə görüşləri keçirilib.
Xatırladaq ki, fevralın 26-da paytaxtın ümumtəhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr edilib. Eləcə də Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar müəllim və şagirdlərin “Ana fəryadı” abidə kompleksinə ziyarətləri təşkil olunub.