QAN YADDAŞI
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.
Tədbirdə çıxış edən səfir Rəşad Aslanov Xocalı faciəsi barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüququn normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinə ağır hərbi texnika yeridib, dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla divan tutub, şəhəri tamamilə dağıdıb. R.Aslanov sırf azərbaycanlı olduqları üçün hədəfə çevrilmiş xocalılılara qarşı tətbiq edilmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc sakinin vəhşicəsinə qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini vurğulayıb. Səfir yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş cinayət olan Xocalı soyqırımının Ermənistan tərəfindən, Ermənistan silahlı qüvvələrinin bölmələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin icrası ilə törədildiyini bildirib.
Diplomat Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb. Soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun beynəlxalq səviyyədə tanıdılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən başladılmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası haqqında məlumat verib və tədbir iştirakçılarını bu kampaniyaya qoşulmağa dəvət edib. R.Aslanov bu günədək Latin Amerikası regionu dövlətləri də daxil olmaqla, dünyanın bir çox ölkəsinin parlamenti tərəfindən Xocalı soyqırımının tanınması barədə sənədlər qəbul edildiyini vurğulayıb.
Sonra çıxış edən La Plata Universitetindəki azərbaycanşünaslıq kafedrasının direktoru, professor Paulo Botta coğrafi baxımdan Argentinadan uzaqda yerləşən Azərbaycanın Xocalı şəhərində baş vermiş bu dəhşətli faciə haqqında ictimaiyyətin məlumatlandırılmasının vacibliyindən bəhs edib. O, heç bir humanizm prinsiplərinə sığmayan bu faciəyə hüquqi qiymətin verilməsinin və onun soyqırımı kimi tanınmasının regionda sülhün bərqərar olmasına və bu cür cinayətlərin təkrar törədilməsinin qarşısının alınmasına töhfə verəcəyini diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış sənədli film ispan dilində subtitrlərlə təqdim edilib. Tədbir çərçivəsində, həmçinin fotosərgi nümayiş olunub.