Xocalı soyqırımı xalqımıza qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsidir
Lənkəran, 26 fevral, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhərindəki Gənclər Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbinin şagirdlərinin Xocalı soyqırımı ilə bağlı fotosərgisi ilə tanış olub, şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında bu faciə ilə bağlı hazırlanmış ədəbi-bədii kompozisiyaya baxıblar.
Anım tədbirində çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə Xocalı faciəsi barədə danışaraq bildirib ki, Xocalıda baş vermiş soyqırımı aktı xalqımıza qarşı planlı şəkildə gerçəkləşdirilmiş terror, deportasiya və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir.
Azərbaycan Vətən Müharibəsi Veteranlarının İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev Qarabağ müharibəsinin iştirakçısı kimi keçdiyi döyüş yolundan və erməni işğalçılarının xalqımızın başına gətirdikləri vəhşiliklərdən danışıb.
Digər çıxış edənlər gənclərə tariximizi dərindən öyrənməyi tövsiyə edərək, Xocalı soyqırımı ilə bağlı həqiqətləri sosial şəbəkələr vasitəsilə dünyaya çatdırmağın vacibliyini diqqətə çatdırıblar.
Tədbirin sonunda “Biz Xocalıyıq” filmi nümayiş etdirilib.