Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı Ağcabədi rayonunda bir sıra tədbirlər keçirilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı Ağcabədi rayonunda bir sıra tədbirlər keçirilmişdir.
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatından AZƏRTAC-a bildirmişlər ki, rayon təşkilatının və Gənclər üçün Təhsil Mərkəzinin Ağcabədi filialının təşkilatçılığı ilə yaradılmış xüsusi qrup fevralın ortalarından başlayaraq rayondakı uşaq bağçalarında da olmuş, azyaşlılar üçün “Cavanşir” cizgi filmi nümayiş etdirmişdir.
Rayonun ümumtəhsil məktəbinin şagirdləri müəyyən qruplar şəklində YAP rayon təşkilatına dəvət olunmuş, onlara Xocalıda baş verən faciələrlə bağlı filmlər göstərilmiş, faciə barədə canlı müzakirələr təşkil edilmiş, şagirdlərə buketlər, videodisklər və Qarabağın işğalını özündə əks etdirən “Qan yaddaşı” toplusu paylanmışdır.
Yekunda məktəblilərə rejissor Vahid Mustafayevin çəkdiyi “Xoca” filmi nümayiş etdirilmişdir.
Fevralın 25-də YAP Ağcabədi rayon təşkilatında yekun tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən təşkil edilmiş sərgi, fotoşəkillər, videomateriallar, kitab və bukletlərlə tanış olmuşlar.
Xocalı faciəsi qurbanlarının və eləcə də Azərbaycanın ərazi bütövlüyü və müstəqillik uğrunda həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə rayon təşkilatının sədr müavini, aparat rəhbəri Nazim Bünyatov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən Xocalıda törədilmiş misli görünməmiş vəhşiliklər barədə danışmışdır.
YAP Ağcabədi rayon təşkilatının sədr müavini Eldəniz Qənbərov da Xocalı soyqırımı haqqında məruzə ilə çıxış etmişdir.
YAP rayon təşkilatı qadınlar şurasının sədri Naibə Mustafayeva, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı gənclər birliyinin sədr müavini Xəyal Səfərov, Maraqlar üzrə Yaradıcı Gənclər Klubunun sədri, Heydər Əliyev Mərkəzinin elmi işçisi Məhsəti Ağayeva, Ağcabədi Pedaqoji Kollecinin sədr müavini Rövşən Bayramov, Şəhər 5 nömrəli məktəbin müəlliməsi Qəmzə Əkbərova, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov çıxış edərək Xocalı faciəsi ilə bağlı fikirlərini bildirmişlər.
Tədbirdə Ağcabədi pedaqoji kollecinin tələbələri tərəfindən hazırlanmış kompozisiya nümayiş etdirilmişdir.