XOCALI SOYQIRIMININ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN XALQINA MÜRACİƏT
Hörmətli soydaşlar!
Bu gün Sizə xalqımızın tarixində kədərli və faciəli bir səhifə, insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı soyqırımı münasibətilə müraciət edirəm.
Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi. Bu mənfur siyasət xalqımıza saysız-hesabsız müsibətlər və əzab-əziyyətlər gətirmişdir.
Ötən əsrin 80-ci illərinin ikinci yarısında təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı irəli sürdüyü yeni ərazi iddiaları azərbaycanlıların doğma torpaqlarından kütləvi surətdə zorla qovulmasına, çoxsaylı terror aktları ilə müşayiət olunan geniş miqyaslı amansız müharibəyə gətirib çıxardı. Nəticədə on minlərlə insan həlak oldu, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən qədim Xocalı şəhərinin misli görünməmiş qəddarlıqla məhv edilməsi, onun müdafiəçilərinə və dinc sakinlərə qanlı divan tutulması bu faciələrin ən dəhşətlisi idi. Yüzlərlə insan - qadın, uşaq, qoca xüsusi vəhşiliklə qətlə yetirildi və işgəncələrlə öldürüldü. Xocalı faciəsi öz qəddarlığına, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə bəşəriyyətə qarşı ağır cinayətlər sırasına daxil olmuşdur.
Xocalı soyqırımını törətməklə erməni millətçiləri məkrli məqsədlər güdürdü: xalqımızı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək. Lakin hiyləgər və amansız düşmən məqsədinə çata bilmədi. Xocalı müdafiəçiləri qəddar düşmənlə mübarizədə əyilmədilər, qəhrəmanlıqla vuruşaraq Vətənə sədaqət nümunəsi göstərdilər.
Xocalı faciəsindən danışarkən o zamankı rəsmi Azərbaycan rəhbərliyinin və ölkədə vəziyyətə ciddi təsir edən siyasi qüvvələrin acizliyini, səriştəsizliyini, xalqın taleyinə biganəliyini xüsusi qeyd etmək lazımdır. Dövlət rəhbərliyi xalqın qəzəbindən qorxaraq, hadisənin miqyasını kiçiltməyə cəhd etmiş, bu qanlı cinayət barədə beynəlxalq ictimaiyyətə operativ və ətraflı məlumat vermək üçün heç bir iş görməmişdi. O zamankı müxalifət isə faciədən xalqın narazılıq dalğası üzərində hakimiyyətə gəlmək üçün istifadə etdi. O zaman Azərbaycanda hökm sürən hərc-mərclik, hakimiyyətin nüfuzsuzluğu, lidersizlik bu qanlı fəlakətin baş verməsinə şərait yaratdı.
1994-cü ildən ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün inadlı və ardıcıl fəaliyyət göstərir. Məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır. Bu, bir tərəfdən Xocalı müdafiəçilərinin və şəhidlərinin ruhu qarşısında bizim insanlıq və vətəndaşlıq borcumuzdur. Digər tərəfdən isə, insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə təkrar olunmaması üçün mühüm şərtdir.
Hazırda Azərbaycan rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunması üçün ardıcıl fəaliyyət göstərir. Aparıcı dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar getdikcə daha artıq dərəcədə Azərbaycanın ədalətli mövqeyini qəbul edir, ərazilərimizin işğalı faktını etiraf edir, Ermənistandan Azərbaycan torpaqlarını azad etməyi tələb edirlər. Biz dövlətimizin iqtisadi, siyasi qüdrətinə və qazanılmış təcrübəyə arxalanaraq, problemin ədalətli həlli istiqamətində səylərimizi inadla davam etdirəcəyik.
Vətəndaşlarımız, soydaşlarımız unutmamalıdırlar ki, erməni millətçilərinin anti-Azərbaycan təbliğatı getdikcə daha incə, daha mənfur formalarda davam etdirilir, ərazi iddialarını əsaslandırmaq üçün yeni-yeni əsassız tezislər uydurulur. Buna görə də belə ideoloji təxribatlara qarşı ayıq olmalı, onları vaxtında ifşa etməliyik.
Hazırda Azərbaycan dövləti, vətəndaşlarımız, xarcidəki soydaşlarımız Xocalı həqiqətlərinin dünyaya çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması istiqamətində ardıcıl tədbirlər görürlər. Belə tədbirlər hər il daha əhatəli və peşəkar səviyyədə keçirilməli, xaricdəki soydaşlarımız isə öz fəallığını daha da artırmalıdırlar.
Bu kədərli matəm günlərində Xocalı şəhidlərinin və qəhrəmanlarının əziz xatirəsini bir daha dərin hüznlə yad edərək Allahdan rəhmət diləyir, onların yaxınlarına, bütün xalqımıza başsağlığı verirəm. Uğrunda çalışdığımız müstəqil, güclü, firavan Azərbaycan onların ruhu üçün ən böyük təsəlli olacaqdır.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 24 fevral 2004-cü il.