XU SZİNTAO VƏ KOFİ ANNAN BİR ÇOX MƏSƏLƏLƏRİ MÜZAKİRƏ ETMİŞLƏR
Çin lideri “BMT-nin bütün dövlətlərin, xüsusən inkişafda olan ölkələrin problemlərinə daha çevik reaksiya verməsi üçün təşkilatın səmərəliliyini yüksəltmək məqsədi ilə onun islahatını davam etdirməyin” zəruriliyini vurğulamışdır. Xu Szintao Afrika dövlətlərinin dinc, sabit və sürətlə inkişaf etməsi üçün onlara xüsusi diqqət yetirməyə də çağırmışdır.
Kofi Annan yeni qlobal təhlükə və təhdidlərin qarşısının alınmasında BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çinin rolunu qeyd etmiş və inkişafda olan ölkələrə yardıma görə təşəkkürünü bildirmişdir.
Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çin bu beynəlxalq təşkilatda islahat aparılması məsələsində əsas rollardan birini oynayır. Pekin inkişafda olan ölkələrin BMT-də təmsilçiliyini artırmağı təklif edir, eyni zamanda, təşkilatın islahatında “kəskin addımlar”ın əleyhinə çıxır. Məsələn, keçən il Çin Təhlükəsizlik Şurası heyətini genişləndirmək barədə müxtəlif dövlətlərin irəli sürdükləri planları dəstəkləməmişdir.
BMT-nin baş katibi Pekinə Asiya ölkələrinə səfər çərçivəsində gəlmişdir. O, artıq Cənubi Koreya və Yaponiyada olmuşdur. Çindən isə Vyetnam və Tailanda gedəcəkdir.