Xüsusi internat məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
Bakı, 30 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov, Gənclər və İdman Nazirliyinin Xəzər Gənclər evinin direktoru Pərvin Şirvani, internat evinin müəllim və şagird kollektivi iştirak edib.
İştirakçılar əvvəlcə internat məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
2 nömrəli xüsusi internat məktəbinin direktoru Umnisə Nəcəfbəyova Uşaqların Beynəlxalq Müdafiəsi Günü barədə məlumat verib, ölkəmizdə uşaqlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb.
Qonaqlar Azərbaycanda uşaq hüquqlarının qorunması, onların sosial müdafiəsi istiqamətində həyata keçirilən dövlət proqramları, layihələrdən bəhs edib, uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün yaradılan şəraitdən söz açıblar.
Daha sonra internat evinin sakinləri vətənpərvərliyə, uşaqların müdafiəsinə həsr olunmuş şeirlər söyləyib, maraqlı kompozisiyalar, rəqs və mahnılar nümayiş etdiriblər.