ELM VƏ TƏHSİL
Xüsusi karantin rejimində toy edənlər cəmiyyətdə böyük narazılıq yaradırlar
Bakı, 25 avqust, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilib və hazırda bütün dünya üçün böyük təhlükə yaradan koronavirus infeksiyası səbəbindən ölkəmizdə tətbiq olunmuş xüsusi karantin rejimi davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mövcud vəziyyətdə ölkə vətəndaşlarının təhlükəsizliyinin, sağlamlığının qorunması, pandemiyanın təsirinin minimum həddə endirilməsi üçün ciddi və təsirli tədbirlər həyata keçirirlər. Müsbət haldır ki, Azərbaycanın koronavirus pandemiyası ilə mübarizəsi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən mükəmməl nümunə kimi təqdir edilir. Hazırda Azərbaycan cəmiyyəti qarşısında dayanan ən mühüm və məsuliyyətli vəzifələrdən biri pandemiya şəraitində xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməkdən ibarətdir. Lakin böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəzi vətəndaşlar, yüksək səlahiyyətli dövlət məmurları mövcud vəziyyəti nəzərə almır və bununla da karantin qaydalarını pozurlar. Bu da yolverilməzdir və cəmiyyət tərəfindən haqlı etiraza, ictimai qınağa səbəb olur.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov deyib.
O vurğulayıb ki, Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlətdir. Hüquqi, demokratik, dünyəvi dövlətin əsas təməl prinsiplərindən biri isə qanunun aliliyidir. Dövlət başçımız İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmişə öz davranışları ilə cəmiyyətə layiqli nümunə göstərirlər. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib ki, dövlət məmurlarının əsas vəzifəsi xalqa xidmət etməkdir. Belə olan halda bəzi vəzifəli şəxslərin karantin rejiminin tələblərinə əməl etməyərək, toy mərasimləri, doğum günləri və bu qəbildən olan digər tədbirlər keçirməsi qətiyyən qəbul oluna bilməz. Onlar bu hərəkətləri ilə cəmiyyətdə böyük narazılıq yaradırlar.
“Hamı qanun qarşısında bərabər məsuliyyət daşıyır. Buna görə mən də bir alim və ziyalı olaraq belə qanunazidd hərəkətləri pisləyirəm və buna qəti şəkildə etiraz edirəm”, - deyə R.Novruzov bildirib.