Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri üçün psixoloji reabilitasiya xidməti təşkil olunub
Gəncə, 30 avqust, Elcan Məmmədov, AZƏRTAC
“Regional inkişaf üzrə maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gəncə şəhərində və ətraf rayonlarda yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqların (o cümlədən autizm və daun sindromu) sosial və psixoloji reabilitasiyasının gücləndirilməsi” layihəsinin icrasını uğurla başa vurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin icrası dövründə xüsusi qayğıya ehtiyacı olan 20 uşağa intensiv reabilitasiya məşğələləri və onların valideynləri üçün psixoloji və sosial-hüquqi reabilitasiya xidməti təşkil edilib.
Həyata keçirilən reabilitasiya məşğələləri nəticəsində reabilitasiyaya cəlb olunan uşaqlarda bir sıra müsbət dəyişikliklər baş verib. Belə ki, onların davranış vərdişləri və bacarıqlarında olan inkişaf hiss edilib, qrup və ətrafdakı insanlara uyğunlaşmaq prosesi sürətlənib, ictimai qaydalara riayət etmək bacarığı və vərdişləri yaranıb. Bir çox nitq məhdudiyyəti olan uşaqlarda müsbət nəticə əldə olunub. Mərkəzin fəaliyyətindən bəhrələnən uşaqlardan autizm, daun sindromu, əqli gerilik və nitq məhdudiyyəti çoxluq təşkil edib.