İQTİSADİYYAT
Yakub Aslan: Azərbaycan Prezidentinin yürütdüyü iqtisadi siyasət türk dövlətlərinin inteqrasiyasına yönəlib
![Yakub Aslan: Azərbaycan Prezidentinin yürütdüyü iqtisadi siyasət türk dövlətlərinin inteqrasiyasına yönəlib](/files/2023/3/1200x630/16947880185144325010_1200x630.jpg)
Bakı, 15 sentyabr AZƏRTAC
Orta Dəhliz yalnız Azərbaycanın deyil, regiondakı digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq nəqliyyat layihəsidir. Bu layihənin iqtisadi baxımdan səmərəli olduğu kimi, siyasi əhəmiyyəti də az deyil.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin “Ulusal” kanalının siyasi şərhçisi Yakub Aslan deyib. O bildirib ki, Asiya ilə Avropanı birləşdirən “Transxəzər” Beynəlxalq Nəqliyyat Dəhlizinin davamı olan Orta Dəhliz layihəsi dünyada baş verən gərgin geosiyasi proseslər fonunda meydana çıxıb. Azərbaycan işğal altındakı Qarabağı azad etdikdən sonra regionun digər dövlətlərinin də beynəlxalq iqtisadi layihələrdə iştirakına imkan yaranıb. Eyni zamanda, bu dəhliz Azərbaycanın Avropa ilə Asiya arasında ticarət əlaqələrində mühüm tranzit məntəqəsi olmasını şərtləndirir. Türkiyənin də bu beynəlxalq iqtisadi layihənin həyata keçməsində marağı var. Əvvəla dost və qardaş Azərbaycanın yürütdüyü siyasət rəsmi Ankara tərəfindən dəstəklənir. Digər tərəfdən isə iki qardaş ölkə bu günədək beynəlxalq əhəmiyyət daşıyan böyük layihələri uğurla həyata keçirib. Buna misal olaraq, Bakı-Tbilisi-Qars dəmir yolunu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi- Ərzurum qaz kəmərlərini göstərmək olar.
Bu gün Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan ilə Orta Asiya respublikaları arasında dostluq əlaqələri inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin Qazaxıstana, Özbəkistana və Tacikistana səfərləri, əldə olunan razılaşmalar nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsinə böyük imkanlar yaradıb. Onu da vurğulamaq lazımdır ki, Orta Dəhliz, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) üzvlərinin ticarətdən faydalanmaları üçün yeni imkanlar yaradır. Həmçinin Türkmənistan, Qazaxıstan və Azərbaycan limanlarında logistik mərkəzlərin, azad ticarət zonalarının yaradılması Transxəzər əməkdaşlığının inkişafına və dərinləşməsinə kömək edir. Türkiyə ilə TDT ölkələrinin ticari-iqtisadi əlaqələrinin genişləndirilməsi potensialı da diqqət çəkir. Azərbaycanın və Qazaxıstanın səyləri, Gürcüstanın fəal iştirakı, Türkiyənin bu təşəbbüsləri dəstəkləməsi ilə Orta Dəhlizin rəqabət imkanları güclənib, iqtisadi cəhətdən səmərəliliyi artıb və bu istiqamətdə işlər sürətlənib.
Orta Dəhlizin siyasi əhəmiyyətinə gəlincə, Yakub Aslan vurğulayıb ki, bu layihənin reallaşacağı təqdirdə, Çin, həmçinin Cənub Şərqi Asiyanın digər dövlətləri Avropa ilə ticarət əlaqələrinin inkişafı üçün regionda daimi sabitliyin hökm sürməsində maraqlı olacaqlar. Avropa İttifaqına daxil olan dövlətlər də nəqliyyat xətlərinin keçdiyi ərazilərdə sülhün və əmin-amanlığın davamlı xarakter almasında maraqlıdır.
“Orta Dəhliz məsafə və müddət baxımından böyük alternativ sayılır. Hesablamalar göstərir ki, Çindən Avropaya gedən yük qatarı Orta Dəhlizi seçərsə, 10 min kilometr deyil, 7 min kilometr məsafə qət etməlidir. Bu da Asiya ilə Avropa arasında qlobal ticarətdə bu dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu göstərir. Eyni qatar Cənub dəhlizi üzrə göndərilsə, Süveyş kanalı üzərindən gəmi ilə 20 min kilometr yol qət edir. Bu mənada Orta Dəhliz öz imkanları ilə şübhəsiz ki, region ölkələrinin koordinasiyalı əməkdaşlığı sayəsində dünya ticarətinin ən mühüm həlqələrindən biri ola bilər”, - deyə o qeyd edib.